Azərbaycançılıq məfkurəsinin vahid dövlət siyasətinə çevrilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır
Biləsuvar, 28 dekabr, Mahir Babayev, AZƏRTAC
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Biləsuvardakı Heydər Əliyev parkında bayram tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayramsayağı bəzədilən meydanda quraşdırılan yolka ətrafında dövrə vuran balacaların şən nəğmələri, ifa etdikləri rəqslər, mahnılar tədbirin rəngarəngliyini daha da artırıb.
Rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev sakinləri təbrik edib, xoş arzularını bildirib. Qeyd edilib ki, yola saldığımız ildə rayonda mühüm infrastruktur layihələri həyata keçirilib, yeni küçələr, yollar salınıb, kənd və qəsəbələr abadlaşdırılıb.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü barədə danışan icra hakimiyyətinin başçısı vurğulayıb ki, bu məfkurənin formalaşması və onun vahid dövlət siyasətinə çevrilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Tədbirdə müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı illərdə daha böyük uğurlara imza atacağına əminlik ifadə olunub.
Mərasim Şaxta baba və Qar qızın bayram təbriki, maraqlı konsert proqramı ilə davam edib.
Sonda balacalara bayram hədiyyəsi paylanılıb.