Azərbaycanda 40-dan çox Fransa şirkəti fəaliyyət göstərir
Bakı, 11 may, AZƏRTAC
Hazırda Azərbaycanda 40-dan çox Fransa şirkəti fəaliyyət göstərir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu fikri iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Fransa Sahibkarlar Təşkilatının - MEDEF-in biznes şurasının prezidenti və SUEZ qrupunun baş direktorunun müavini xanım Mari-Anj Döbonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.
Nazir Şahin Mustafayev Azərbaycan və Fransa arasında əməkdaşlığın genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin mühüm əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, ölkələrimiz arasında parlamentlərarası əlaqələr, humanitar, xüsusilə mədəniyyət və təhsil sahəsində əməkdaşlıq uğurla inkişaf edir. Azərbaycan-Fransa iqtisadi əlaqələrinin müxtəlif sahələri əhatə etdiyini vurğulayan Şahin Mustafayev hazırda Azərbaycanda 40-dan çox Fransa şirkətinin fəaliyyət göstərdiyini, Fransa şirkətlərinin Azərbaycan iqtisadiyyatına 2,4 milyard dollar investisiya qoyduğunu, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin 1,1 milyard dollar təşkil etdiyini diqqətə çatdırıb. Fransa şirkətləri Azərbaycanda dövlət investisiyaları hesabına reallaşdırılan layihələrdə iştirak edir.
Görüşdə həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verilib, Azərbaycanın xarici investisiyalar üçün cəlbedici ölkə olduğu, tətbiq edilən mütərəqqi investisiya təşviqi mexanizminin xarici investorlar üçün əlverişli imkanlar yaratdığı diqqətə çatdırılıb.
İqtisadiyyat naziri Azərbaycan-Fransa işgüzar əlaqələrinin genişlənməsində MEDEF-in xüsusi rolunu vurğulayıb, Fransa şirkətlərini ölkəmizdə aqrar, tikinti, nəqliyyat, aviasiya, turizm, yüksək texnologiyalar, ekologiya və s. sahələrə, xüsusilə özəl sektorda reallaşdırılan layihələrə investisiya yatırmağa dəvət edib. İqtisadi əlaqələrin genişləndirilməsində Azərbaycan-Fransa Ticarət Sənaye Palatasının fəaliyyətinin gücləndirilməsinin vacibliyini qeyd edib.
Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov ölkəmizdə aparılan iqtisadi islahatlar, biznes və investisiya imkanlarına dair təqdimatla çıxış edib.
Fransa-Azərbaycan münasibətlərinin geniş əhatə dairəsinə malik olduğunu qeyd edən MEDEF-in biznes şurasının prezidenti və SUEZ qrupunun baş direktorunun müavini xanım Mari-Anj Döbon hər iki ölkənin iş adamları arasında əməkdaşlığın genişləndirilməsi üçün potensialı diqqətə çatdırıb. Qeyd edib ki, bu səfər Fransa iş adamlarına Azərbaycanın biznes və investisiya imkanları ilə daha yaxından tanış olmaları üçün yaxşı fürsətdir.
Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez Azərbaycanın Cənubi Qafqazda Fransanın mühüm tərəfdaşlarından olduğunu, ölkəsinin əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. Səfir Azərbaycanda aparılan iqtisadi islahatların xarici şirkətlər, o cümlədən Fransa şirkətləri üçün əlverişli imkanlar yaratdığını bildirib.
Görüşdə Fransa şirkətlərinin fəaliyyət sahələri barədə məlumat verilib, iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri müzakirə olunub.