REGİONLAR
Azərbaycanda bu günədək 740 min hektardan çox sahədə taxıl biçini aparılıb
Bakı, 29 iyun, AZƏRTAC
Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1 milyon 9 min 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677 min 793 hektarı buğda, 331 min 346,8 hektarı arpa sahəsidir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, iyunun 29-na olan operativ məlumata görə, ölkə ərazisində 740 min 90 hektar ərazidə taxıl biçini aparılıb, 315 min 978,4 hektar ərazidə arpa, 424 min 141,4 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə, bu günədək ölkə üzrə 2 milyon 380 min 85 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 32,2 sentner təşkil edir.
Bərdə, Zərdab, Ucar, Yevlax, Sabirabad, Saatlı, Salyan, Biləsuvar, Kürdəmir, Ağdam, Tərtər, Balakən, Qax, Neftçala, İmişli, Füzuli, Masallı və Xızı rayonlarında arpa biçini başa çatıb.
Beyləqan, Goranboy, Cəlilabad, Göyçay və Ağdaş rayonlarında arpa biçini başa çatmaq üzrədir. Ağdaş ərazisində arpa əkilmiş 11 min 630 hektar sahənin 11 min 515 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 24,1 s/ha təşkil edir. Göyçay ərazisində arpa əkilmiş 6851 hektar sahənin 6847 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 30,5 s/ha təşkil edir.
Şəki, Hacıqabul, Ağsu rayonlarında da arpa biçinində yüksək nəticələr əldə olunub.