SİYASƏT
Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün mükəmməl qanunvericilik bazası yaradılmış, ictimai-siyasi sabitlik təmin edilmişdir
Saatlı, 7 avqust (AZƏRTAC). Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə ölkənin Aran bölgəsində keçirilən seçki hüququ üzrə üçgünlük ixtisaslaşdırılmış kursların sonuncu günündə MSK nümayəndələrinin, rayon polis şöbələri rəislərinin, dairə seçki komissiyalarının (DSK) sədrlərinin seçki hüququ ilə əlaqədar müxtəlif mövzularda məruzələri dinlənilmişdir.
AZƏRTAC xəbər verir ki, 62 saylı Saatlı seçki dairəsi dairə seçki komissiyasının inzibati binasında keçirilən təlim kursunda rayon prokuroru Tariyel Ələkbərov “Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri” mövzusunda məruzə ilə çıxış etmişdir.
62 saylı Saatlı seçki dairəsi dairə seçki komissiyasının sədri Arif Əliyev “Azərbaycan Respublikası Prezidentinin seçkilərinin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi. Bu istiqamətdə məntəqə seçki komissiyalarının fəaliyyətinin təşkili və vəzifələri” mövzusunda seminar keçirmişdir.
Məruzə və çıxışlarda qeyd olunmuşdur ki, Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün mükəmməl qanunvericilik bazası yaradılmış, ictimai-siyasi sabitlik təmin edilmişdir.
Bildirilmişdir ki, 62 saylı Saatlı şəhər seçki dairəsinin əhatə etdiyi ərazidə 35 məntəqə seçki komissiyası üzrə 40 min 175 seçici vardır ki, bunlardan 771 nəfərinin yaşı 80-dən yuxarı, 2497 nəfəri isə səs vermədə ilk dəfə iştirak edənlərdir. Seçki məntəqələrində seçkilərin azad, şəffaf və demokratik keçirilməsini təmin etmək üçün hər cür şərait yaradılmışdır.
Diqqətə çatdırılmışdır ki, seçkilərin demokratik şəraitdə keçməsi ilk növbədə, seçki məntəqələrində səsvermə prosesinin mövcud təlimatlara uyğun təşkil edilməsindən, komissiya üzvlərinin hazırlıq səviyyəsindən asılıdır.
MSK-nın təşkil etdiyi ixtisaslaşdırılmış kursların dairə seçki komissiyaları üzvlərinin və məntəqə seçki komissiyaları sədrlərinin seçki üzrə hüquqi biliklərinin artırılmasında əhəmiyyətli rolu vardır.
46 saylı Şirvan, 58 saylı Hacıqabul-Kürdəmir, 59 saylı Salyan, 60 saylı Salyan-Neftçala, 63 saylı Sabirabad birinci, 64 saylı Sabirabad ikinci, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir, 66 saylı Biləsuvar, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan seçki dairələri dairə seçki komissiyalarında keçirilən ixtisaslaşdırılmış kurslarda MSK-nın üzvləri, rayon və şəhər icra hakimiyyətinin məsul işçiləri, məhkəmələrin sədrləri, polis idarəsinin rəisləri, prokurorluq işçiləri və dairə seçki komissiyalarının sədrləri seçki hüququna dair müxtəlif məsələlər barədə çıxış etmiş, iştirakçıları maraqlandıran sualları cavablandırmışlar.