ELM VƏ TƏHSİL
Azərbaycanda günəş və külək enerjisindən geniş istifadə məqsədi ilə tədqiqatlar aparılır
Bakı, 16 avqust (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutu ölkədə Günəş və külək enerjisindən geniş istifadə olunması məqsədi ilə tədqiqatlar aparır.
AMEA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, alimlərimiz günəş batareyaları və külək pərlərinin yerləşdirilə biləcəyi ərazilərin təsnifatını verməyə çalışırlar. Tədqiqatlar YUNESKO-dan qrant dəstəyi almış “Azərbaycan ərazisində Günəş və külək enerjisinin paylanmasının CİS (coğrafi informasiya sistemi) mühitində kəmiyyətcə dəyərləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin rəhbəri Coğrafiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov, icraçıları fizika-riyaziyyat elmləri doktoru Rauf Qardaşov və coğrafiya elmləri üzrə fəlsəfə doktoru Zahidə Tatlıyevadir.
Layihə çərçivəsində Azərbaycan ərazisində atmosferin müxtəlif optik şəraitlərində Günəşdən gələn radiasiyaların hesablanması üçün riyazi model işlənib, qiymətləndirmə işləri başa çatdırılmışdır. Relyefin yaratdığı kölgələnmənin Günəş radiasiyasının miqdarına təsirini hesablayan riyazi model işlənilmiş və dağ vadilərində seçilmiş məntəqədə sınaqdan keçirilmişdir.
Bundan əlavə, Günəş və külək enerjisinin CİS əsasında xəritələri tərtib edilir, küləklər haqqında məlumatların statistik təhlili aparılır.
Tədqiqatlar 2014-cü ilin sonunadək davam edəcəkdir.