Azərbaycanda hər il 80 min ton sürtgü materialı istehlak olunur
Bakı, 10 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Təcrübə-Sənaye Zavodunda (TSZ) müasir üsullarla sürtgü materialları istehsal edilir. Təqribi hesablamalara görə, Azərbaycanda hər il 80 min ton sürtgü materialı istehlak olunur ki, bunun da təxminən yarısı avtomobil yağlarının payına düşür. İstehsal edilən məhsulların nümunələri son vaxtlar respublikamızda müxtəlif fond və təşkilatlar tərəfindən keçirilən sərgilərin pavilyonlarında nümayiş etdirilib və böyük maraq doğurub.
AZƏRTAC xəbər verir ki, TSZ-nun baş texnoloqu Adil Ağayevin verdiyi məlumata görə, AMEA-nın rəhbərliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə zavodda Avropa standartlarına uyğun məhdud miqdarda sürtgü materiallarının istehsalına imkan verən istehsal qurğuları və müasir laboratoriya - pilot kompleksi yaradılıb. Artıq zavodun istehsal qurğularında Neft-Kimya Prosesləri, Aşqarlar Kimyası institutlarının alimlərinin və zavodun mütəxəssislərinin birgə əməyi sayəsində strateji əhəmiyyətli, müasir tələblərə cavab verən onlarla adda sürtgü materialının istehsal texnologiyası mənimsənilib, lazımi normativ-texniki sənədlər (texniki şərtlər, texnoloji reqlamentlər, təlimatlar, uyğunluq sertifikatları və s.) hazırlanıb, işçi və texniki personal təlimatlandırılıb. Zavodun mütəxəssisləri Neft-Kimya Prosesləri və Aşqarlar Kimyası institutlarının alimləri ilə birlikdə hazırda yerli xammal bazasında daha geniş çeşiddə sürtgü materiallarının istehsal texnologiyasının mənimsənilməsi və normativ-texniki sənədlərin hazırlanması ilə məşğuldurlar.
A.Ağayev qeyd edib ki, müvafiq dövlət qurumlarından təşkilati və maliyyə dəstəyi göstərilərsə, TSZ respublikada istehlak olunan sürtgü materialları istehsalının təxminən 50 faizini öz öhdəsinə götürə bilər. Bunun üçün zavodda lazım olan bütün infrastruktur, peşəkar mühəndis-texniki personal, həmçinin AMEA-nın sahə institutlarının elmi potensialı var.