“AZƏRBAYCANDA İNKLUZİV TƏHSİL TƏCRÜBƏSİ” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR
Təhsil naziri Misir Mərdanov çıxış edərək, ölkəmizdə inkluziv təhsilin həyata keçirilməsi sahəsində müvafiq qanunvericilik bazasının yaradıldığını, 2001-ci ildə “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Qanun qəbul edildiyini diqqətə çatdırmışdır.
Respublika hökumətinin 2005-ci il 3 fevral tarixli qərarı ilə təsdiq olunmuş “Xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramı” (2005-2009-cu illər) haqqında danışan M. Mərdanov bildirmişdir ki, sənəddə sağlamlıq imkanları məhdud olan uşaqların təhsil hüququnun yerinə yetirilməsi, bu qəbildən olan uşaqların hamısı üçün bərabər təhsilalma şəraitinin yaradılması və s. öz əksini tapmışdır.
Nazir məlumat vermişdir ki, hazırda ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 25 xüsusi və internat tipli məktəb fəaliyyət göstərir. Onlardan 18-i internat tipli müəssisə, 7-si xüsusi məktəbdir. Həmin müəssisələrdə, ümumilikdə, 6000-dək şagird təhsil alır. Nazirlik ABŞ-ın “Dünyaya baxış”, YUNESKO və Beynəlxalq Tibb Korpusu ilə birlikdə 3 inkluziv təhsil layihəsi həyata keçirir. Bu layihələr Bakı, Sumqayıt, Mingəçevr şəhərlərində və Yevlax rayonunda 30-dək məktəb və uşaq bağçasını, 100-dən artıq məktəbəqədər və məktəb yaşlı xüsusi qayğıya ehtiyacı olan uşağı əhatə edir. Layihələrin əhatə etdiyi təhsil müəssisələri üçün zəruri avadanlıq alınmış, inkluziv təhsilə həsr olunmuş xüsusi web-sayt da açılmışdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 23 təhsil müəssisəsi və uşaq evi tam təmir və bərpa edilmiş, müasir avadanlıqla təmin olunmuşdur.
YUNESKO-nun Moskvadakı regional nümayəndəliyinin direktor əvəzi Badarç Dendev, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hana Singer tədbirin əhəmiyyətindən danışmış, iştirakçılara uğurlar arzulamışlar.
Sonra “Azərbaycanda inkluziv təhsil təcrübəsi”, “İnkluziv təhsil layihəsində qeyri-hökumət təşkilatlarının rolu” və digər mövzularda məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.
Beynəlxalq konfrans öz işini iyunun 13-də davam etdirəcəkdir.