SİYASƏT
Azərbaycanda prezident seçkilərində də obyektivliyin təmin olunması üçün hər cür şərait yaradılmışdır
Mingəçevir, 7 avqust (AZƏRTAC). Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə regionlarda keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların sonuncu günündə 47 saylı Mingəçevir seçki dairəsi dairə seçki komissiyasının üzvləri və dairənin əhatə etdiyi məntəqə seçki komissiyalarının sədrləri qarşıdan gələn prezident seçkiləri ilə bağlı ətraflı təlimatlandırılmışlar.
AZƏRTAC xəbər verir ki, kursda şəhər prokurorunun müavini Tağı Rüstəmovun “Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri”, 47 saylı Mingəçevir seçki dairəsi dairə seçki komissiyasının sədri Oqtay Məmmədovun “Azərbaycan Respublikası Prezidentinin seçkilərinin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi, bu istiqamətdə məntəqə seçki komissiyalarının fəaliyyətinin təşkili və vəzifələri” mövzularında məruzələri dinlənilmişdir.
Məruzələrdə qarşıdan gələn prezident seçkilərinə hazırlıq məqsədi ilə təşkil olunmuş ixtisaslaşdırılmış kursların Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun, yüksək səviyyədə keçirilməsində mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, respublikamızda keçirilən bütün seçkilərdə olduğu kimi, builki prezident seçkilərində də obyektivliyin təmin olunması üçün hər cür şərait yaradılmışdır. Dairə və məntəqə seçki komissiyaları üzvlərinin seçki hüquqları barədə kifayət qədər bilik və təcrübələri vardır. Qeyd olunmuşdur ki, oktyabrın 9-da ölkəmizdə baş tutacaq növbəti seçkilərinin azad, demokratik və şəffaf şəraitdə keçirilməsi ilk növbədə seçki məntəqələrində səsvermə prosesinin mövcud təlimatlara uyğun təşkilindən, komissiya üzvlərinin hazırlıq səviyyəsindən asılıdır.
88 saylı Ağdaş, 89 saylı Göyçay-Ağdaş, 90 saylı Ağdaş, 116 saylı Qəbələ seçki dairələri dairə seçki komissiyalarında keçirilən kurslarda da eyni mövzularda məruzələr dinlənilmiş, müdavimlərə bir sıra qanunvericilik aktları, təlimatlar barədə ətraflı məlumatlar verilmiş, bəzi məsələlərə aydınlıq gətirilmişdir. Bildirilmişdir ki, builki seçkilərdə dairə üzrə 30 məntəqədə 36980 nəfər seçici qeydə alınmışdır. Onlardan 574 nəfər ilk dəfə səs verəcəkdir.
Dairə seçki komissiyalarının üzvlərini və məntəqə seçki komissiyalarının sədrlərini maraqlandıran suallara aydınlıq gətirilmişdir.