AZƏRBAYCANDA “RİA NOVOSTİ” GÜNLƏRİ BAŞA ÇATMIŞDIR
“RİA Novosti”nin baş redaktoru S.Mironyuk Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini və bu görüşdən çox böyük təəssüratla qayıtdığını bildirmişdir. O demişdir: “Azərbaycan Prezidenti İlham Əliyev Bakıda 9 körpünün tikintisi ilə bağlı proqram həyata keçrildiyini bildirdi. Mən dedim ki, körpülərin sayı 9 deyil, ondur. Çünki bizim saldığımız virtual elektron informasiya körpüsü təkcə birtərəfli hərəkətə xidmət etməyəcəkdir. Biz təkcə Rusiyada Azərbaycan haqqında danışmayacağıq. Bizim resurslar vasitəsilə bu informasiyanı 12 dildə yaymaq imkanımız olacaqdır”.
Agentliyin baş redaktorunun müavini A.Babitski demişdir ki, “RİA Novosti” üçün informasiya mübadiləsi çox vacibdir. O ümidvar olduğunu bildirmişdir ki, yerli jurnalistlər agentliyin informasiya meydançasından fəal istifadə edəcəklər.
Xatırladaq ki, dekabrın 20-də başlanan “RİA Novosti” günləri çərçivəsində “RİA Novosti”nin Bakı filialı, “Azərbaycan xəbərləri” beynəlxalq informasiya agentliyi və beynəlxalq mətbuat mərkəzi açılmışdır.