CƏMİYYƏT
Azərbaycanda səfərdə olan Amerika-Azərbaycan Cəmiyyətinin nümayəndə heyəti Şuşada olub
![Azərbaycanda səfərdə olan Amerika-Azərbaycan Cəmiyyətinin nümayəndə heyəti Şuşada olub](/files/2022/3/1200x630/16629924743192041607_1200x630.jpg)
Bakı, 12 sentyabr, AZƏRTAC
Şuşada səfərdə olan Amerika-Azərbaycan Cəmiyyətinin rəhbəri Tomris Azərinin başçılıq etdiyi nümayəndə heyəti yolboyu erməni qəsbkarlarının 30 illik işğal dövründə Qarabağda törətdikləri vandalizm aktlarının, dağıntıların və postmüharibə dönəmində aparılan genişmiqyaslı quruculuq-bərpa işlərinin şahidi olub.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mədəniyyət paytaxtımızda olan amerikalı qonaqlar Şuşada “Bazarbaşı”nı, Cıdır düzünü, güllələnmiş heykəllərin olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın sarayını, “Xan qızı” bulağını, Molla Pənah Vaqifin məqbərəsini, Üzeyir Hacıbəylinin heykəlini, Bülbülün ev-muzeyini və Gəncə Qapısını ziyarət ediblər.
Qonaqlar Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov və Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovla görüşüblər.
Görüşlər zamanı Şuşada aparılan bərpa-quruculuq işləri, mədəniyyət paytaxtımızın irimiqyaslı tədbirlərə, o cümlədən Dünya Azərbaycanlılarının V Qurultayına və Diaspor Gənclərinin III Yay Düşərgəsinə ev sahibliyi etdiyi, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə diaspor fəallarının və xaricdə yaşayan soydaşlarımızın qədim şəhərə tez-tez səfərlər etdiyi barədə ətraflı məlumat verilib.
Eyni zamanda, Amerika-Azərbaycan Cəmiyyətinin diaspor tariximizdə, Azərbaycanın tanıdılmasında, ölkəmizin həqiqətlərinin təbliğində oynadığı rol, xüsusilə də ABŞ-da təhsil alan gənclərimizi dəstəkləyən Tomris Azərinin azərbaycanlı tələbələrin mənəvi anası olduğu məmnuniyyətlə vurğulanıb.
Uzun illər ərzində həsrətini çəkdiyi Şuşaya valeh olduğunu söyləyən Tomris Azəri bu səfərin təşkilinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığını bildirib və rəhbərlik etdiyi cəmiyyətin Komitə ilə gələcəkdə birgə layihələr həyata keçirəcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, Amerika-Azərbaycan Cəmiyyətinin nümayəndə heyətinin ölkəmizə səfəri Komitənin beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə məlumatlandırılması layihəsi çərçivəsində gerçəkləşdirilib. Müxtəlif sahələri təmsil edən amerikalıların daxil olduğu nümayəndə heyəti səfər çərçivəsində bir sıra rəsmi qurumlar və ali məktəb kollektivləri ilə görüşüb.
Nümayəndə heyətinə Amerika-Azərbaycan Cəmiyyətinin üzvləri Seva Əzimova və Nigar Pənahova, məşhur “Nai-Ni Chen Dance Company” şirkətinin icraçı direktoru Endrü Çanq (Andrew Chiang), türk əsilli amerikalı jurnalist, “Turk of America” jurnalının baş redaktoru Cemil Özyürt daxil olub.
Xatırladaq ki, Amerika-Azərbaycan Cəmiyyətinin rəhbəri Tomris Azəri Azərbaycan Xalq Cümhuriyyətinin, milli təhlükəsizlik təşkilatının ikinci sədri Nağı Şeyxzamanlının nəvəsidir.