Azərbaycanda tibbi arayışların icbari tibbi sığorta çərçivəsində verilməsi təklif olunur
Bakı, 29 fevral, AZƏRTAC
Sağlamlığın qorunması hüququnun effektiv təmin edilməsi məqsədilə bütün tibb xidmətlərinin və xəstəliklərin icbari tibbi sığorta hesabına həyata keçirilməsi təklif edilir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə hesabatı ilə bağlı təkliflər siyahısında yer alıb.
Hesabatda “Sağlamlıq haqqında tibbi arayış” (digər tibbi arayışlar, işə girmədən əvvəl müayinə, təhsil müəssisələrinə daxil olma ilə bağlı müayinə (18 yaşdan yuxarı), sığorta ilə bağlı müayinə (18 yaşdan yuxarı), inzibati məqsədlərlə digər müayinələr (18 yaşdan yuxarı), 1 ay ərzində təkrar müraciət zamanı (18 yaşdan yuxarı)) tibbi xidmətlər üzrə tibbi arayışların icbari tibbi sığorta çərçivəsində verilməsi təklif edilir.
Qeyd edək ki, Azərbaycan ombudsmanının illik hesabatında vətəndaşların hüquqlarının qorunması istiqamətində 77 təklif irəli sürülüb.