İDMAN
Azərbaycanda “Uşaq Paralimpiya Hərəkatı” təsis edilir
Bakı, 15 avqust (AZƏRTAC). Məlum olduğu kimi, paralimpiyaçılarımız 2012-ci il London Yay Paralimpiya Oyunlarında uğurlu nəticə əldə edərək 12 medal qazanmış və komandamız 166 ölkə arasında 27-ci yer tutmuşdur. Bu tarixi qələbə ölkə başçısı İlham Əliyevin ölkədə Olimpiya və Paralimpiya hərəkatının, ümumiyyətlə idmanın inkişafına göstərdiyi şəxsi diqqət və dövlət qayğısının təzahürüdür.
AZƏRTAC xəbər verir ki, əldə olunmuş nailiyyətlərin qorunub saxlanılması, inkişaf etdirilməsi və 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar, Milli Paralimpiya Komitəsi “Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin növbəti 4 il üçün (2013-2016-cı illər) Strateji Fəaliyyət Planı”nı təsdiq etmişdir.
Planda respublikanın bütün regionlarında paralimpiya hərəkatının genişləndirilməsi məqsədi ilə peşəkar əlil idmanının inkişafı, təşkilatı idarəetmənin təkmilləşdirilməsi, təbliğat, təşviqat işlərinin və beynəlxalq idman qurumları ilə əlaqələrin genişləndirilməsi ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların seçilərək peşəkar idmana cəlb olunmaları məsələsi də öz əksini tapmışdır. Milli Paralimpiya Komitəsi respublikada sağlamlıq imkanları məhdud uşaqların kütləvi idman və bədən tərbiyəsində daha fəal iştiraklarına nail olmaqla, paralimpiya idman növləri üzrə ehtiyat idmançıların hazırlanması məqsədi ilə komitənin nəzdində “Uşaq Paralimpiya Hərəkatının” təsis edilməsi haqqında qərar qəbul etmişdir. Qərara əsasən bir 1 ay müddətində “Uşaq Paralimpiya Hərəkatının”nın yaradılması məqsədi ilə konsepsiya sənədi hazırlanıb İcraiyyə Komitəsi tərəfindən təsdiq ediləcəkdir. Eyni zamanda 2013-cü ilin sonunadək “Uşaq Paralimpiya Hərəkatının”nın inkişaf etdiyi ölkələrin müəyyən edilməsi və onların təcrübələrinin öyrənilməsi, hərəkatın icra mexanizminin hazırlanması, respublikanın regionlarında paralimpiya idman növlərinə uyğun olan sağlamlıq imkanları məhdud uşaqların ilkin statistikasının hazırlanması, bu sahədə təbliğat - təşviqat işlərinin aparılması, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası (sosial xidmət və s.) və əlil idmanı sahəsində təcrübəsi olan ixtisaslaşmış qeyri-hökumət təşkilatları, donor təşkilatları ilə birgə işlərin təşkili məsələləri qərarda öz əksini tapmışdır.