SİYASƏT
Azərbaycanın Böyük Britaniyadakı səfirinin “The Economist” jurnalında ölkəmiz haqqında həqiqətə uyğun olmayan məqaləyə cavab məktubu dərc edilmişdir
London, 22 noyabr (AZƏRTAC). Ötən günlərdə Böyük Britaniyanın “The Economist” jurnalında Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məqalə dərc edilmişdir. Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanovun jurnalda həmin məqaləyə cavab məktubu dərc olunmuşdur.
Məktubda bildirilir ki, məqalədə Qafqaz ilə əlaqədar yalnız bədbin fikirlərə üstünlük verilmişdir. Azərbaycana gəldikdə isə ölkə uzunmüddətli demokratik standartlar üçün öhdəliklərindən əmindir. Yetkin bir demokratiya və güclü vətəndaş cəmiyyəti formalaşdırmaq Azərbaycan hökumətinin strateji məqsədidir. Müstəqilliyimizin ilk günlərindən bu, bizim başlıca siyasətimizi təşkil etmişdir. Bunun uzunmüddətli bir proses olduğunu bilir, ölkəmizdə demokratiyanın və vətəndaş cəmiyyətinin daha da inkişaf etdirilməsi üçün səylərimizi davam etdiririk.
Səfir, həmçinin bildirmişdir ki, Avropa Şurası və Avropa Parlamenti də daxil olmaqla bir çox xarici ölkələrin və beynəlxalq təşkilatların müşahidəçi missiyaları tərəfindən Azərbaycanda keçirilmiş prezident seçkiləri ədalətli və azad hesab edilmişdir.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London