SİYASƏT
Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illik yekunlarına həsr olunmuş beynəlxalq konfrans keçiriləcəkdir
Bakı, 6 dekabr (AZƏRTAC). Dekabrın 7-də Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə “Müstəqilliyin 20 illiyi: mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğuna gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya çıxan çətinliklər” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir.
SAM-dan AZƏRTAC-a bildirmişlər ki, konfransın əsas məqsədi Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasından sonra qazanılmış nailiyyətlərə, ölkədə həyata keçirilən sosial-siyasi, iqtisadi və mədəni islahatlara nəzər salmaq, gələcək inkişaf prioritetlərini müəyyənləşdirməkdir.
Beynəlxalq konfransda iqtisadi artım və yoxsulluğun azaldılması, Minilliyin inkişaf məqsədləri, neft strategiyası - cari və gələcək planlar, davamlı inkişaf üçün nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, quruculuq naminə resursların istifadəsi, mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğunun növbəti addımları, biliklərə əsaslanan dövlət quruculuğu, qadınların cəmiyyətdə və iqtisadiyyatda bərabər tərəfdaşlığı, çoxşaxəli iqtisadiyyatda məhsuldar aqrobiznes, ətraf mühitin mühafizəsinin balanslaşdırılması, qloballaşma və rəqabətli iqtisadiyyat şəraitində iş yerlərinin yaradılması, turizm - şaxələndirmənin aparıcı qüvvəsi, Azərbaycanın çoxşaxəli iqtisadiyyatına aparan yollar və s. məsələlər müzakirə olunacaqdır.
Konfransda dövlət və hökumət rəsmiləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, elm və təhsil müəssisələrinin, vətəndaş cəmiyyətinin təmsilçiləri, yerli və beynəlxalq ekspertlər, jurnalistlər iştirak edəcəklər.