İDMAN
AZƏRBAYCANIN KANOEÇİ DUETİ DÜNYA KUBOKUNUN III MƏRHƏLƏSİNDƏ GÜMÜŞ MEDAL QAZANMIŞDIR
Bakı, 5 iyun (AZƏRTAC). Almaniyanın Duysburq şəhərində kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Dünya Kubokunun III mərhələsi start götürmüşdür. 40 ölkənin qatıldığı nüfuzlu turnirdə Azərbaycanı 3 kişi kanoeçi təmsil edir. Andrey Kraytor 1 nəfərlik, Sergey Bezuqlıy-Maksim Prokopenko dueti isə 2 nəfərlik qayıqla mübarizə aparmışdır.
Yarışın ilk günündə 200 metr məsafəyə yürüşün qalib və mükafatçıları, eləcə də 1000 metr məsafəyə yürüşdə seçmə mərhələni dəf etməyi bacaran avarçəkənlər müəyyənləşmişdir. 200 metr məsafəyə yürüşdə Sergey Bezuqlıy-Maksim Prokopenko dueti seçmə mərhələni I pillədə tamamlayaraq, birbaşa əsas finala yüksəlmişdir. Həlledici yürüşdə bu cütlük 38 saniyə 909 mikrosaniyə nəticə ilə gümüş medal qazanmışdır. Andrey Kraytor isə bu məsafəni seçmə mərhələdə 4-cü pillədə başa vurmuş və yarımfinala çıxmışdır. Növbəti mərhələdə o, 9 iştirakçı arasında 8-ci olmuş və əsas finala vəsiqə qazana bilməmişdir. B finalında mübarizə aparan Kraytor yekun nəticədə 25 iştirakçı arasında 15-ci yerlə kifayətlənmişdir.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən verilən xəbərə görə, Bezuqlıy-Prokopenko duetinin 1000 metr məsafəyə seçmə yürüşdə də startı uğurlu alınmışdır. Seçmə mərhələdə 2-ci yeri tutan azərbaycanlı cütlük birbaşa əsas finala yüksəlmişlər. Bu gün kanoeçi duetimiz Bakı vaxtı ilə saat 18.15-də əsas final yürüşünə qatılacaqlar.
Qeyd edək ki, Andrey Kraytor və Sergey Bezuqlıy-Maksim Prokopenko dueti iyunun 6-da 500 metr məsafəyə yürüşdə də qüvvələrini sınayacaqlar.
İlk 3 yeri tutan kanoeçi duet birbaşa əsas finala, 4-8-ci pillələrin sahibləri isə yarımfinala yüksəlmişlər.