AZƏRBAYCANIN MALAYZİYADAKI SƏFİRİ BERNAMA AGENTLİYİNİN SƏDRİ İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Malayziyadakı səfiri Tahir Kərimov Malayziya Milli Xəbər Agentliyinin - Bernamanın sədri, Malayziyanın Baş naziri yanında xüsusi məsləhətçi Datuk Seri Panglima Mohd Annuar Bin Zaini ilə görüşmüşdür.
Səfirlikdən bildirmişlər ki, görüşdə Bernamanın sədri başda olmaqla bir neçə jurnalistin Azərbaycana səfərinə dair məsələlər müzakirə olunmuşdur. Həmçinin gələcəkdə Azərbaycan jurnalistlərinin də Malayziyaya səfəri ətrafında fikir mübadiləsi aparılmışdır.
Səfir T.Kərimov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı danışmış, Malayziya ictimaiyyətində bu münaqişə haqqında kifayət qədər məlumatın olmamasını bildirmişdir. Bernamanın sədri “Azərbaycana qarşı müharibə: Mədəni irsin hədəfə alınması” (“War against Azerbaijan: Targeting Cultural Heritage” kitabının aprelin 22-də səfirlikdə keçiriləcək təqdimat mərasiminə dəvət olunmuşdur.
Diplomat Bernama ilə Azərbaycan səfirliyi arasında olan əməkdaşlıqdan razı qaldığını bildirmiş, əlaqələrin dərinləşməsinin əhəmiyyətini vurğulamışdır. Görüşdə Bernamanın saytında Azərbaycanla bağlı materialların yerləşdirilməsinin, habelə Bernamanın televiziya kanalında reportajların yayımlanmasının mümkünlüyü müzakirə olunmuşdur.
Mayın 28-də Azərbaycanın Respublika günündə səfir T.Kərimovun Bernama telekanalına müsahibəsi və Azərbaycan haqqında reportajın verilməsi razılaşdırılmışdır.
Görüşdə ölkələrimiz haqqında qarşılıqlı məlumat mübadiləsi və informasiya sahəsində ikitərəfli əlaqələrin qurulması məsələləri də müzakirə olunmuşdur.