AZƏRBAYCANIN QAZ TƏSƏRRÜFATININ İŞÇİLƏRİ PEŞƏ BAYRAMLARINI QEYD ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, iyunun 20-də Azərbaycan qaz təsərrüfatı işçilərinin peşə bayramı günü ilə əlaqədar “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətində təntənəli mərasim keçirilmişdir.
Mərasim iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri düzülmüşdür.
Qaz təsərrüfatının işçiləri həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş igid vətən övladlarının unudulmaz xatirəsinə dərin hörmət və ehtiramlarını bildirmişlər.
Mərasimdə çıxış edən “Azəriqaz” QSC-nin sədri Əlixan Məlikov respublikamızda qaz təsərrüfatının yaranması, inkişafı, bu günü və perspektivləri mövzusunda məruzə ilə çıxış etmişdir.
Əlixan Məlikov xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin ölkənin qaz təsərrüfatının formalaşmasında və müasir tələblər səviyyəsinə qaldırılmasında göstərdiyi tarixi xidmətlərindən bəhs etmişdir. Bildirilmişdir ki, ulu öndər həm keçmiş sovet hakimiyyəti, həm də müstəqillik illərində neft-qaz sənayesinin formalaşmasında, bu sahədə vahid strategiyanın hazırlanmasında böyük xidmətlər göstərmişdir. Ümummilli liderimizin əsasını qoyduğu karbohidrogen ehtiyatlarının mənimsənilməsi siyasəti sayəsində Azərbaycan bu gün regionun lider dövlətinə çevrilmiş, inkişaf tempinə görə dünyanın ən qabaqcıl ölkələri sırasına çıxmışdır.
Ümummilli liderimizin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilmiş, son illər respublikamızda bu sahədə qazanılan nailiyyətlərdən bəhs olunmuşdur.
Sənaye və energetika naziri Natiq Əliyev, ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və digər natiqlər əlamətdar gün münasibətilə “Azəriqaz”ın kollektivini təbrik etmiş, dövlətimizin başçısının qarşıya qoyduğu məsul vəzifələrin yerinə yetirilməsində onlara uğurlar arzulamışlar.
Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 19-da imzaladığı Sərəncamla “Tərəqqi” medalı və “Azərbaycan Respublikasının əməkdar mühəndisi” adı ilə təltif edilmiş qaz təsərrüfatı işçilərinin siyahısı oxunmuş, yüksək mükafata görə dövlətimizin başçısına minnətdarlıq ifadə edilmişdir.
Sonra sənaye və energetika nazirinin əmrinə əsasən “Azəriqaz” QSC-nin bir qrup işçisinə fəxri fərmanlar və mükafatlar təqdim edilmişdir.
Toplantı iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.