CƏMİYYƏT
Azərbaycanın Tehrandakı səfirliyində iftar süfrəsi təşkil olunub
Tehran, 27 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyi mübarək Ramazan bayramı münasibətilə iftar süfrəsi təşkil edib.
Mərasimə İranın Xarici İşlər Nazirliyinin əməkdaşları, İran- Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, İran Ticarət Palatasının və beynəlxalq təşkilatların təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri və ziyalılar qatılıblar.
Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov tədbirdə çıxış edərək ölkəmizdə dövlət tərəfindən dini dəyərlərə xüsusi önəm verildiyini bildirib. Diqqətə çatdırıb ki, dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə Bakıda Əjdərbəy məscidi, Gəncədə İmamzadə kompleksi, 743-cü ildə tikilmiş Şamaxı cümə məscidi bərpa olunub. Bu məscidlərdə insanlara İslamın sülh və humanizm dini olduğu aşılanır, müqəddəs Qurani-Kərimin fəzilətləri öyrədilir. Hazırda Bakıda Cənubi Qafqazın ən böyük məscidi inşa edilir. Bu məsciddə dörd min nəfər eyni zamanda ibadət edə biləcək.
Dini tolerantlıqdan danışan səfir deyib ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri qarşılıqlı hörmət və mehribanlıq şəraitində yaşayırlar.
Tədbir iftar süfrəsi arxasında səmimi söhbətlə davam edib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri,
Tehran