SİYASƏT
Azərbaycanın Vyetnamdakı səfirliyi xeyriyyə yarmarkasında iştirak etmişdir
Bakı, 26 noyabr (AZƏRTAC). Azərbaycanın Vyetnamdakı səfirliyi paytaxt Hanoyda akkreditə olunmuş diplomatik nümayəndəliklərin iştirakı ilə keçirilmiş xeyriyyə yarmarkasında iştirak etmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hər il ənənəvi olaraq təşkil olunan yarmarka Hanoyda keçirilən ən kütləvi tədbirlərdən biri hesab edilir. Yarmarkada Türkiyə, Rusiya, ABŞ, Çin, Kanada, Fransa, Böyük Britaniya, Almaniya da daxil olmaqla ümumilikdə 42 ölkə təmsil olunmuşdur.
Yarmarkanın keçirilməsinin əsas məqsədi satışa çıxarılan məhsullardan əldə olunan vəsaitin xeyriyyə layihələrinə sərf edilməsidir. Bununla yanaşı, yarmarka iştirakçı ölkələrin tarixi irsinin, mədəniyyətinin və mətbəxinin təbliği baxımından böyük əhəmiyyət kəsb edir.
Yarmarkada Azərbaycan üçün ayrılmış stenddə müxtəlif şirniyyatlarımız, milli suvenirlər, xalçalar, ölkəmizlə bağlı şəkillər, kitablar, bukletlər və digər təbliğat materialları nümayiş olunmuşdur. Azərbaycanın stendi yarmarkada ən çox ziyarət edilən stendlərdən biri olmuşdur.