SİYASƏT
AZƏRBAYCANLA ALMANİYA ARASINDA ƏLAQƏLƏRİN İNKİŞAFI HƏR İKİ TƏRƏFİN MARAQ DAİRƏSİNDƏDİR
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qonaqları səmimi salamladıqdan sonra Murtuz Ələsgərov demişdir ki, Almaniya ilə Azərbaycan arasında mövcud səmimi dostluq əlaqələri möhkəm təməl üzərində inkişaf edir. Bu münasibətlərin inkişafında dövlət başçılarının xüsusi rolu vardır. Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ildə Almaniyaya rəsmi səfəri zamanı imzalanmış sənədlər, 1999-cu ildə İstanbulda ATƏT-in zirvə toplantısında Heydər Əliyevlə Gerhard Şröder arasındakı danışıqlar zamanı əldə olunmuş razılaşmalar əlaqələrimizi daha da inkişaf etdirməyə imkan yaratmışdır.
Parlamentlərimiz arasındakı əlaqələr də yüksələn xətt üzrə inkişaf edir. Milli Məclisin sədri Henninq Şerfin bu səfərinin ölkələrimiz arasında əlaqələrin inkşafını daha da sürətləndirəcəyinə ümid etdiyini bildirdi.
Səmimi qəbul üçün minnətdarlıq edən Henninq Şerf Bakıya Azərbaycanın ədliyyə nazirinin dəvəti ilə səfər etdiyini bildirdi. Qonaq dedi ki, səfər çərçivəsində keçirdiyi görüşlərdən və danışıqların nəticələrindən məmnundur. Azərbaycana bundan əvvəl də gəldiyini vurğulayan qonaq indi gördüyü, müşahidə etdiyi inkişafdan, həyata keçirilən hüquq islahatlarından heyran qaldığını diqqətə çatdırdı. Sonra H.Şerf Azərbaycan hüquqşünaslarının Bremenə səfərləri, keçirdikləri görüşlər barədə ətraflı danışdı.
Qonaq Murtuz Ələsgərova Bremenlə qiyabi tanışlıq üçün şəhərlə bağlı illüstrasiyalı kitab hədiyyə etdi.
Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafının hər iki tərəfin maraq dairəsində olduğu xüsusi vurğulandı.
Sonra qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdı.