Azərbaycanlı həkim dünya foniatrlarının konqresində
Bakı, 20 fevral, AZƏRTAC
Fevralın 17-dən 19-dək Hindistanın paytaxtı Dehlidə foniatrların konqresi keçirilib. Dünyanın 50-dən çox ölkəsindən gələn alim və həkimlərin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan nümayəndəsi ilk dəfə iştirak edib.
AZƏRTAC xəbər verir ki, elmi tədbirdə ölkəmizi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Qulaq-burun-boğaz xəstəlikləri kafedrasının assistenti, Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant dəstəyi ilə yaradılmış foniatriya kabinetinin rəhbəri, tibb elmləri üzrə fəlsəfə doktoru Ramil Həşimli təmsil edib. O, konqresdə foniatrlar və səs xəstəliklərinin araşdırılması üzrə ixtisaslaşmış kadrlar üçün məlumat bazası və Azərbaycan muğam ifaçıları arasında yayılmış səs problemlərinə dair elmi məruzələrlə çıxış edib.