ELM VƏ TƏHSİL
Azərbaycanlı tələbə Türkiyədə rezidentura imtahanında xarici tələbələr arasında ən yüksək nəticə göstərmişdir
Bakı, 9 yanvar (AZƏRTAC). Azərbaycanlı tələbə Türkiyədə rezidentura imtahanında xarici tələbələr arasında ən yüksək nəticə göstərmişdir.
Həmyerlimiz Asif Arif oğlu Səlimov 1987-ci ildə Bakıda anadan olmuşdur. Orta təhsilinin ilk üç ilini Azərbaycanda tamamladıqdan sonra 9 yaşında ikən - 1996-cı ildə atası professor Arif Səlimovun Türkiyənin Atatürk Universitetində işə dəvət olunması ilə əlaqədar bu ölkədə yaşamağa başlamışdır.
A.Səlimov Anadolu liseyini bitirdikdən sonra 2005-ci ildə Türkiyə ali məktəblərində təhsil almaq istəyən abituriyentlərin Bakıda keçirilən imtahanda (TCS) tibb fakültəsini seçənlər arasında birinci yer tutaraq Hacəttəpə Universitetinə daxil olmuşdur. Universitetə daxil olduqdan sonra ingilis dili imtahanını da müvəffəqiyyətlə verərək birillik ingilis dili hazırlığı kursunda oxumadan birbaşa tibb təhsilinə başlamaq hüququ qazanmışdır. Dördüncü kursda ilin ən uğurlu tələbəsinə verilən daxili xəstəliklər üzrə “Professor Şərəf Zirəli” plaketinə layiq görülmüşdür.
Asif Səlimov təhsilini 2011-ci ilin iyununda müvəffəqiyyətlə başa vurduqdan sonra həmin il sentyabrın 25-də keçirilən rezidentura imtahanında Türkiyədə tibb sahəsində təhsil alan xarici tələbələr arasında həm baza, həm də klinik elmlər üzrə ölkə birincisi olmuşdur. Həmvətənimiz bu nəticə ilə Hacəttəpə Universitetinin tibb fakültəsi xəstəxanasında qulaq-burun-boğaz xəstəlikləri üzrə ayrılmış yeganə yerə qəbul olunmuş, hazırda orada təhsilini davam etdirir.
Həmyerlimiz deyir ki, rezidentura imtahanı sentyabrda keçirildiyinə görə Dövlət Proqramına keçmək üçün bir il gözləmək məcburiyyətindədir. Çünki Dövlət Proqramına müraciət avqustun sonunda bitir. Buna görə də 2012-ci ilin sentyabrından etibarən Dövlət Proqramına keçərək təhsilimə davam edəcəyəm.
Təhsil aldığı müddətdə ona verilən dəstəyə görə Azərbaycan dövlətinə və Türkiyə hökumətinə hər zaman minnətdarlıq hissi duyduğunu bildirən Asif Səlimov gələcək arzuları ilə bağlı deyir: “Təhsilimi başa vurduqdan sonra Azərbaycana qayıdıb yüksək ixtisaslı həkim kimi xalqıma xidmət etmək istəyirəm”.