Azərbaycanlıların Qırğızıstana sürğün olunmasının 80 illiyi xüsusi tədbirlə anılacaq
Bişkek 16 may (AZƏRTAC). Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Qırğızıstan Xalqları Assambleyası (QXA) Şurasının sədri, akademik Bektemir Murzubraimovla görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Qırğızıstan arasında əlaqələrin inkişaf perspektivləri, QXA ilə səfirlik arasında əməkdaşlığın zəruriliyi müzakirə edilmişdir. H.Orucov Azərbaycanın tarixindən, zəngin mədəniyyətindən söz açmış, müstəqilliyin ilk illərində Azərbaycanda süni yolla yaradılmış millətlərarası problemlərin həllində ulu öndər Heydər Əliyevin əvəzsiz rolu haqqında ətraflı məlumat vermişdir. Səfir bildirmişdir ki, hazırda Azərbaycanda millətlərarası münasibətlərdə heç bir problemlər yoxdur, milli azlıqların hüquqları qorunur, onların ana dillərində qəzetlər çap edilir və mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Diplomat Azərbaycanda olduğu kimi, Qırğızıstanda da milli azlıqlara yüksək tolerant münasibət göstərildiyini qeyd etmişdir.
Bektemir Murzubraimov bildirmişdir ki, hazırda Qırğızıstanda çoxlu azsaylı xalqlar yaşayır. Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatı öz ətrafına tanınmış ziyalıları, elm və mədəniyyət xadimlərini toplamışdır. B.Murzubraimov QXA-nın strukturu haqqında da məlumat verərək demişdir ki, qurum 1997-ci ildə Qırğızıstan Prezidenti yanında məsləhətçi orqan kimi yaradılmışdır. Hazırda Assambleya Qırğızıstanda yaşayan xalqları vahid təşkilat ətrafında birləşdirməyə çalışır.
Görüş zamanı səfir H.Orucov bu ilin mayında azərbaycanlıların Qırğızıstana sürgün olunmasının 80 illiyinin tamam olduğunu diqqətə çatdırmış, bu kədərli tarixin anılması üçün xüsusi tədbir keçirilməsini təklif etmişdir.
Akademik B.Murzubraimov təklifi məmnuniyyətlə qəbul etmiş, bununla bağlı müzakirələr aparılmışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek