“Azerbaydjanskie İzvestiya” qəzeti ildönümünü qeyd edir
Bakı, 6 may, AZƏRTAC
2004-cü ildə “Azerbaydjanskie İzvestiya” qəzetinin birinci nömrəsi işıq üzü gördü.
AZƏRTAC xəbər verir ki, ölkəmizin media bazarına daxil olan yeni nəşr ilk gündən öz üzərinə gənc müstəqil dövlətimizin həyatını bütün rəngarəngliyi ilə obyektiv və maksimum dərəcədə tam işıqlandırmaq missiyasını götürüb. Bu gün, keşməkeşli, eyni zamanda parlaq və hadisələrlə zəngin illərin axarında demək olar ki, qəzet öz prinsiplərinə sadiq qalmaqda davam edir.
“Azerbaydjanskie İzvestiya” qəzetinin özünün yaranma tarixçəsi var. Həmin vaxt, 2004-cü ilin əvvəlində “İzvestiya-Azərbaycan” iri Rusiya-Azərbaycan media layihəsi artıq iki ildir ki, uğurla həyata keçirilirdi. Ümummilli lider Heydər Əliyevin xeyir-dua verdiyi bu layihədə Rusiyanın aparıcı nəşrlərindən birində Azərbaycandan bəhs edən ikisəhifəlik aylıq tematik əlavənin buraxılması nəzərdə tutulurdu.
Bu cür dəstək təsadüfi deyildi. İki liderin - Heydər Əliyev və Vladimir Putinin hakimiyyətə gəlmələri ilə 90-cı illərdə böhran yaşayan Rusiya-Azərbaycan ikitərəfli münasibətlərində dönüş yarandı. Öz-özlüyündə unikal media körpü rolunu oynayan bu nəşr də həmin “canlanma” prosesinə dəstək verməli idi. Bu, belə də oldu. Layihənin təşəbbüskarı və rəhbəri, Rusiyanın qabaqcıl jurnalistlərindən biri Oleq Çıqanov bununla bağlı xatirələrini bölüşürdü: “Cəsarətlə demək olar ki, Rusiya Azərbaycanı yenidən kəşf etdi. Eynilə, “İzvestiya” qəzeti vasitəsilə Azərbaycan da Rusiyanı özü üçün yenidən kəşf etməyə başladı”. O əlavə edirdi: “2000-ci illərin əvvəlində bu təşəbbüsü lazımınca qiymətləndirmək və onun gələcək taleyini müəyyən etmək çətin idi. Buraxılışlarımızdan birinin sərlövhəsini təkrar edəcəyəm - “Heydər Əliyev haqlı idi”. O, uzaqgörənliklə müəyyən etdi ki, bu layihə sadəcə öz-özlüyündə Azərbaycana gərək olan və xarici siyasətdə onun imicini möhkəmləndirən siyasi reklam faktı deyil, həm də ölkələrimiz arasında qeyri-formal əlaqələrin qurulmasına real dayaqdır”.
Həyatdan köçmüş layihə rəhbərinin 2009-cu ildə qələmə aldığı bu sözlərlə razılaşmamaq mümkün deyil. Rusiya-Azərbaycan media körpüsü əvvəlcə “İzvestiya”nın səhifələrində, sonradan onun rəhbərliyində olan dəyişiklikdən sonra digər iri nəşr - “Rossiyskaya qazeta”da 14 il ərzində davam etdi. Bu müddətdə ölkəmizin həyatını bütün rəngarəngliyi ilə təqdim edən iki yüzə yaxın “Azərbaycan” tematik əlavəsi çoxminli tirajlarla buraxıldı. Sonra layihə başa çatdı. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin dəstəklədiyi “Azerbaydjanskie İzvestiya” bu gün də yaşayır.
İrimiqyaslı media layihəsinin tərkib hissəsi olan qəzet Rusiyada” “Azərbaycan” əlavələrinin buraxılışında fəal iştirak edib, lakin onun əsas vəzifəsi ölkədə və dünyada baş verən mühüm hadisələri Azərbaycan oxucusu üçün işıqlandırmaqdır. Dərc edilən məqalələrdə Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlardan bəhs olunmaqla yanaşı, inkişafa əngəl olan və insanların maraqlarına toxunan problemlərdən də söz açılır. Həmişə, hər nömrə üzərində iş apararkən, qəzet əməkdaşları təkcə onun əhatəli olmasına deyil, həm də oxucular üçün maraq kəsb etməsinə çalışıblar. Qəzet bu gün də prinsipial mövqeyini davam etdirir və heç şübhəsiz ki, gələcəkdə də ona sadiq qalacaq.
AZƏRTAC-ın kollektivi “Azerbaydjanskie İzvestiya” qəzetini ildönümü münasibətilə təbrik edir, həmkarlarına gələcək fəaliyyətində nailiyyətlər, yeni yaradıcılıq uğurları arzulayır.