“AZERCELL” “GƏLƏCƏK SƏNSƏN” PROQRAMININ YENİ MƏRHƏLƏSİNƏ BAŞLAMIŞDIR
“Azercell Telekom” MMC “Karyera günləri” tədbiri çərçivəsində şirkətə müraciət edən tələbələr üçün iyunun 14-də maraqlı proqram təqdim edəcəkdir.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, proqram iştirakçılarına onların gələcək karyerası üçün faydalı ola biləcək məlumatlar, “Azercell”in fəaliyyəti barədə məlumat veriləcəkdir. Proqrama qatılan gənclər biznes oyunlarda və özlərinin təhsil sahəsinə uyğun olan testlərdə iştirak edəcəklər. Bu mərhələni uğurla keçən tələbələr müsahibəyə buraxılacaqlar. Ən vacibi isə proqramın iştirakçıları sonradan “Azercell”də işə qəbul prosesində, yay və qış təcrübə proqramlarında iştirak etmək imkanı qazanacaqlar.
“Gələcək sənsən” proqramında ali təhsil müəssisələrinin IV kurs tələbələri, bakalavr, magistr və aspirantları iştirak edəcəklər. Bu il 600-ə yaxın gənc proqramda iştirak etmək üçün “Azercell”ə müraciət etmişdir.
“Azercell” 2005-ci ildən gənclər üçün bu proqramı həyata keçirir. İndiyə qədər minlərlə gənc bu karyera proqramının iştirakçısı olmuş, Azərbaycanın ən nüfuzlu ali təhsil ocaqlarının 40-a yaxın məzunu isə şirkətdə işə qəbul edilmişdir.