“Azərenerji” ASC və KİVDF fərdi jurnalist yazıları müsabiqəsi elan edib
Bakı, 10 may, AZƏRTAC
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) Azərbaycan Milli Mətbuatının 143-cü ildönümü münasibətilə fərdi jurnalist yazıları müsabiqəsi elan edib.
KİVDF-dən AZƏRTAC-a bildiriblər ki, mövzusu “Azərenerji” ASC: tarixi inkişaf yolu və strateji hədəflərə doğru” olan müsabiqənin məqsədi Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin davamlı olaraq təmin edilməsi, mövcud resurslardan səmərəli istifadə olunması və elektrik enerjisinə artan tələbatın ödənilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi ilə əlaqədar reallaşdırılan tədbirlərin, habelə ölkənin sosial-iqtisadi inkişafında elektrik enerjisinin yeri və rolunun ictimaiyyətə obyektiv şəkildə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.
Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər. Qəzetdə dərc olunmuş yazıda “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.
Yazıların qəbulu mayın 10-dan başlayır, iyulun 10-da başa çatır. Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır. Müsabiqədə I yer üçün (1 nəfər) 1000 manat, II yer üçün (2 nəfər) 800 manat, III yer üçün (3 nəfər) 600 manat məbləğində mükafat nəzərdə tutulub. Bundan əlavə, 10 yazı müəllifinə (hər biri 300 manat) həvəsləndirici mükafatlar veriləcək.
Qaliblər, həmçinin “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar. Müsabiqə ilə bağlı ətraflı məlumatı KİVDF-nin saytından əldə etmək olar.