İQTİSADİYYAT
“AZƏRENERJİ” GÜRCÜSTANA YARDIM ETMƏYƏ HAZIRDIR
SC-nin baş mühəndisi Marlen Əsgərov bildirmişdir ki, sentyabrın 4-də günortaya qədər Gürcüstan tərəfindən bu barədə xahiş daxil olmamışdır. Fövqəladə hallarda qarşılıqlı yardım haqqında 2002-ci ildə imzalanmış müqaviləyə əsasən, Gürcüstan tərəfindən müvafiq xahiş daxil olarsa, “Azərenerji” SC qonşu dövlətə elektrik enerjisi verməyi öhdəyə götürmüşdür.
Xatırladaq ki, sentyabrın 3-də naməlum şəxslər “İmereti” yüksəkgərginlikli elektrik xəttinin bir hissəsində partlayış törətmişlər. Bu xətt İnquri SES-də hasil edilən elektrik enerjisini ölkənin regionlarına ötürür. Gürcüstanın yanacaq və energetika naziri Mamuka Nikoleişvili bildirmişdir ki, hadisə nəticəsində ölkə ərazisinin 80 faizi elektrik enerjisindən məhrum olmuşdur. Onun sözlərinə görə, “İmereti” elektrik xəttinin müxtəlif sahələrində bu cür hadisələrin müntəzəm təkrar olunması təxribat törədildiyini söyləməyi əsas verir.