“AZƏRİKİMYA” DÖVLƏT ŞİRKƏTİNİN ALTI AYLIQ GÖSTƏRİCİLƏRİ SÜRƏTLİ İNKİŞAFDAN XƏBƏR VERİR
“Azərikimya” Dövlət Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, sənaye məhsullarının ən vacib növlərinin istehsalçılarından biri olan şirkətin müəssisələri bu ilin birinci yarısını da uğurla başa vurmuşdur. Ötən ilin müvafiq dövrünə nisbətən əmtəəlik məhsul istehsalı 60 faizədək artmışdır. İyulda isə aylıq tapşırığa 143,1 faiz əməl edilmişdir. Yeddi ayın yekunlarına görə "Etilen-polietilen", "Səthi aktiv maddələr" və “Sintezkauçuk” zavodlarında daha yüksək nailiyyətlər əldə olunmuşdur. Ötən dövr ərzində tapşırıqdan əlavə, xeyli həcmdə yüksək keyfiyyətli polietilen, kaustik soda (maye), propilen, piroliz qətranı, butadien-divinil fraksiyası, ağır qətran, azot və s. istehsal edilmişdir. Yeddi aylıq satış tapşırığına 114 faiz əməl olunmuşdur. Məhsulların əksər hissəsi İtaliya, İspaniya, Belçika, Türkiyə, İran, Latviya, Rusiya, Ukrayna, Gürcüstan, Özbəkistan və Türkmənistana ixrac edilmişdir. Etibarlı tərəfdaş kimi tanınan şirkətin sifarişçilərinin sayı ildən-ilə artır.
Kimyaçılar qazanılmış nailiyyətlərdə Prezident İlham Əliyevin son illərdə respublikamızda kimya sənayesinin inkişafına diqqət və qayğısını xüsusi vurğulayırlar. Ən yeni texnologiyalar əsasında yaradılacaq və müasir beynəlxalq standartlara cavab verəcək yeni gübrə və neft-kimyası kompleksi Azərbaycanı regionda ən müxtəlif neft kimyası məhsullarının, o cümlədən azot gübrələrinin istehsalçısına çevirəcək, ölkəmizin qeyri-neft sektorunun inkişafında mühüm rol oynayacaqdır. Hazırda yeni neft kimyası kompleksi üçün kadrlar hazırlamaq məqsədi ilə bu sahədə ixtisaslaşmış beynəlxalq şirkətlər tərəfindən uzunmüddətli məşğələlərin keçirilməsi prosesinə başlanılmışdır.