İQTİSADİYYAT
“Azərinşaatservis” MMC “Milli Net-2011” müsabiqəsinin qalibidir
Bakı, 26 dekabr (AZƏRTAC). “Azərinşaatservis” Məhdud Məsuliyyətli Cəmiyyətin internet resursu “Milli Net-2011” (Milli İnternet) mükafatına layiq görülmüşdür.
MMC-dən AZƏRTAC-a bildirmişlər ki, www.azerinsaat.com internet resursu təqdim edilmiş 499 sayt arasında ən yaxşı korporativ sayt elan olunmuş, şirkət diplom və “Milli Net-2011” kuboku ilə təltif edilmişdir.
Milli İnternet Mükafatı Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan və fəaliyyət göstərən milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir.