“Azərişıq” ASC Sabirabadda işə qəbul müsabiqəsi keçirib
Bakı, 5 aprel, AZƏRTAC
“Azərişıq” ASC Sabirabadda işə qəbul müsabiqəsi keçirib.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası haqqında Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqlara uyğun olaraq, “Azərişıq” ASC Dövlət Məşğulluq Xidməti ilə birgə əhalinin məşğulluğu sahəsində fəal iştirak edir və mütəmadi olaraq bütün rayon elektrik şəbəkələrində vətəndaşların işlə təmin olunmasını həyata keçirir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, növbəti belə tədbir Sabirabad Elektrik Şəbəkəsində olub. Səhmdar Cəmiyyətin sədr müavini Ramil Yusifovun başçılığı ilə İşə Qəbul Komissiyası Sabirabad rayonunun yeni inzibati binasında işə qəbulun şəffaf şəkildə həyata keçirilməsi, vakant yerlərə ən layiqli namizədin seçilməsi, müvafiq biliyə, təcrübəyə və peşəkarlığa malik şəxslərin “Azərişıq” ASC-də işə götürülməsi üçün müvafiq müsabiqə təşkil ediblər. Müsabiqə əsasən gənclərdən ibarət kadrlar arasında keçirilib.
Məlumat üçün bildirilir ki, bu cür imtahanlar İşə Qəbul Komissiyası tərəfindən yazılı (test formasında) və şifahi qaydada aparılır, müvəffəq qiymət almış namizədlər “Azərişıq” ASC-nin Tədris Mərkəzində 10 günlük kurslara cəlb edildikdən və müvafiq təlimatlarla tanış olduqdan sonra işə buraxılır.
Qeyd edək ki, “Azərişıq” ASC-nin kadr ehtiyatının formalaşdırılması zamanı bir neçə mənbədən istifadə olunur. Bunlar əsasən Dövlət Məşğulluq Mərkəzinin göndərişi ilə gəlmiş namizədlərdən, vətəndaşların birbaşa müraciətlərindən, kütləvi informasiya vasitələrində verilən elanlardan, Səhmdar Cəmiyyətin rəsmi internet saytına göndərilən CV-lərdən, ali, orta, texniki peşə və ya digər təhsil müəssisələrindən peşəkar ixtisaslı kadrların cəlb edilməsindən, habelə ASC-nin struktur bölmələrindən təklif olunan namizədlərin CV-lərindən ibarətdir.