“Azərpoçt”un daha bir filialı Kəlbəcərdə fəaliyyətə başlayıb
Bakı, 9 sentyabr, AZƏRTAC
İşğaldan azad olunan ərazilərdə əhaliyə poçt xidmətlərinin göstərilməsi davam etdirilir. Belə ki, “AZCON Holding”in şirkətlərindən olan “Azərpoçt” MMC Kəlbəcər şəhərində AZ3200 indeksli Kəlbəcər Poçt Şöbəsini vətəndaşların istifadəsinə verib.
MMC-dən AZƏRTAC-a bildirilib ki, yeni poçt məntəqəsində vətəndaşlara universal poçt (məktub, teleqram və bağlama göndərişləri), karqo xidmətləri və maliyyə yığımları təqdim olunur.
Poçt şöbəsinin iş rejimi bazar ertəsi – cümə günləri saat 09:00 – 17:00 aralığında (nahar fasiləsi: saat 13:00 – 14:00), şənbə günləri isə saat 09:00 – 14:00 aralığında müəyyən edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq poçt sahəsində işlər mərhələli şəkildə həyata keçirilməkdədir.
Bildirək ki, Qarabağ iqtisadi rayonuna daxil olan Hadrutda poçt şöbəsi 2020-ci, Xankəndi poçt filialı isə 2024-cü ildə istifadəyə verilib. Eyni zamanda, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cocuq Mərcanlıda 2020-ci ildə poçt şöbəsi yaradılıb, 2022-ci ildə Zəngilan rayonunun Ağalı kəndində, 2025-ci ildə isə Şuşa şəhərində poçt xidmətlərinin təşkili təmin olunub.
Poçt xidmətləri haqqında ətraflı məlumat əldə etmək istəyən vətəndaşlar www.azerpost.az veb-saytını ziyarət edə və ya 169 - Çağrı mərkəzi ilə əlaqə yarada bilərlər.