ELM VƏ TƏHSİL
AzTU-da tələbə gənclər təşkilatının IV hesabat-seçki konfransı keçirilmişdir
Bakı, 26 dekabr (AZƏRTAC). Dekabrın 26-da Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə gənclər təşkilatının IV hesabat-seçki konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, universitetin tərbiyə işləri üzrə prorektoru İsa Xəlilov gənclərin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, vətənpərvərlik ruhunda tərbiyə edilməsi, təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs etmiş, konfransın işinə uğurlar arzulamışdır.
“İrəli” İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Ceyhun Osmanlı, gənclər və idman nazirliyinin sektor müdiri Elşən Hüseynov və başqaları tələbə özünüidarə orqanının fəaliyyətinin əhəmiyyətini vurğulamış, ölkəmizdə gənclərə və təhsilə göstərilən dövlət qayğısından danışmışlar.
Universitetinin tələbə gənclər təşkilatının ictimaiyyətlə əlaqələr üzrə katibi Samir Qədirov 2009-2011-ci illərdə təşkilatın gördüyü işlər barədə hesabat məruzəsi ilə çıxış etmişdir.
Sonra seçkilər keçirilmişdir. Universitetin nəqliyyat fakültəsinin tələbəsi Vüqar Əliyev təşkilatın yeni sədri və 21 nəfərdən ibarət idarə heyəti seçilmişdir.