CƏMİYYƏT
Azyaşlı uşaqları nəzarətsiz qoymaq çox təhlükəlidir
Lənkəran, 16 avqust (AZƏRTAC). Lənkəran rayonunun Liman şəhərindəki 16 və 17 nömrəli məktəbəqədər təhsil müəssisələrində “Azyaşlı uşaqları nəzarətsiz qoymaq çox təhlükəlidir!” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi uşaqların yarana biləcək fövqəladə hallara hazır olmalarına və fövqəladə hallar zamanı düzgün davranış qaydalarına əməl etmələrinə nail olmaqdır.
Tədbirdə mərkəzin əməkdaşları “Azyaşlı uşaqların yanğın təhlükəsizliyi baxımından ehtiyatlı olmaları və yanğın baş verdikdə özlərini necə aparmalıdırlar?”, “112” qaynar xəttinə hansı hallarda müraciət etmək olar?”, “Fövqəladə hallar haqqında ümumi anlayış” mövzularında çıxış etmişlər.
Toplantıda “Azyaşlı uşaqları nəzarətsiz qoymayın!” adlı fotoslaydlar nümayiş etdirilmişdir.
Mərkəzin əməkdaşları tərəfindən otaq şəraitində şərti olaraq zəlzələ həyəcanı verilmiş və uşaqlar qruplar şəklində zəlzələdən qorunmaq üçün öz mövqelərini tutmuşlar.
Tədbirdə, həmçinin “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda fotosərgi nümayiş etdirilmişdir.
İştirakçılara “Hansı hallarda “112” qaynar xətlə əlaqə saxlamaq lazımdır?”, “Su hövzələrində təhlükəsizlik tədbirləri”, “Yanğın təhlükəsizliyi qaydalarına əməl edin!”, “Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar” mövzularında hazırlanmış yaddaş kitabçaları paylanılmışdır.