İQTİSADİYYAT
“Bakcell” şirkəti “Expressbank”ın ödəniş sisteminə qoşulmuşdur
Bakı, 14 iyul (AZƏRTAC). “Bakcell” şirkəti “Expressbank” tərəfindən istifadəyə yeni verilmiş “ExpressPay” sürətli ödəmələr sisteminə qoşulmuşdur.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, bu sistemin yaradılmasında məqsəd vətəndaşların “ExpressPay” sistemi vasitəsilə ödənişlərini daha sürətli və rahat həyata keçirmələrinə kömək etməkdir. Qeyd olunan ödəmə sistemi vasitəsilə istifadəçilər mobil rabitə, kommunal xidmətlər və digər ödənişlər etməklə yanaşı bankdaxili pul köçürmə xidməti, kino və teatrlara biletlər alışı və digər çoxsaylı xidmətlərdən də yararlana biləcəklər.
“ExpressPay” xidmətindən yararlanmaq üçün “Expressbank” filiallar şəbəkəsində, ticarət və əyləncə mərkəzləri və vətəndaşların sıx olduğu digər müxtəlif obyektlərdə çoxsaylı xüsusi ödəmə terminalları yerləşdirilməsi nəzərdə tutulur. Ödəmə terminalları ilə yanaşı, “Expressbank” bu ödəniş sisteminin daha rahat olması məqsədilə tezliklə mobil qurğular üçün xüsusi proqram hazırlayacaqdır. İnternet vasitəsilə və ya “Expressbank”ın istənilən filialında bu proqramı mobil qurğuya yükləməklə dünyanın istənilən nöqtəsindən mobil ödənişlər etmək mümkün olacaqdır.