İDMAN
“Bakı-2015” Avropa Oyunları daha beş ölkə ilə yayım haqqında saziş imzalayıb
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 21-də “Bakı-2015” Avropa Oyunları qitənin daha beş ölkəsi ilə yayım haqqında saziş imzaladığını elan edib.
“Bakı-2015”dən AZƏRTAC-a bildiriblər ki, bu sazişlərə əsasən Avropa Oyunları Albaniya, Belarus, Lüksemburq, Moldova və Slovakiyada televiziya vasitəsilə yayımlanacaq. Həmin sazişlər “Bakı-2015” Avropa Oyunlarının yayımlanmasına dair Türkiyə, Fransa və Almaniya daxil olmaqla Avropa ölkələri, eyni zamanda, Orta Şərq, Şimali Afrika və Yaponiya ilə bağlanmış sazişlərdən sonra imzalanmış son müqavilələrdir.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib: “Artıq Avropa Oyunlarının əlavə beş ölkədə də yayımlanacağını təsdiq etməkdən çox məmnunuq. Bu sazişlərin bağlanması Avropa azarkeşlərinə öz ölkələrini təmsil edən idmançıların “Bakı-2015” Avropa Oyunlarındakı nailiyyətlərini izləmək imkanı yaradacaq. Bu kimi çoxşaxəli multimedia yayımı sazişlərinin bağlanması həmin ölkələrin Oyunları yayımlamasını təmin edəcək. Mən növbəti həftələrdə həm Avropa, həm də digər dünya ölkələri ilə yayım sazişlərinin bağlanmasını və onların sayının 34-ə çatacağını gözləyirəm”.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin kommersiya şöbəsinin direktoru Çarli Viceratna deyib: “Bu sazişlərin bağlanması “Bakı-2015” Avropa Oyunlarında iştirak edəcək idmançıların möhtəşəm çıxışlarının bütün qitədə coşqun azarkeşlər tərəfindən izlənməsinə səbəb olacaq. Biz Avropa Oyunlarının bütün dünyada maksimum şəkildə yayımlanmasını təmin edəcək daha çox sazişlərin imzalanacağına əminik”.
Albaniyada “Tring Media”, Belarusda “Belarus 5”, Lüksemburqda “Radio Television Luxembourg”, Moldovada “Moldova Sport TV” və Slovakiyada “DIGI Sport” şirkətləri Avropa Oyunlarının yayım hüquqlarını əldə ediblər.
Həmçinin, noyabrın 21-də Bakıda Avropa Olimpiya Komitəsinin Baş Assambleyası keçirilib. “Bakı-2015”in rəhbər şəxsləri tədbir iştirakçılarına ilk Avropa Oyunlarına hazırlıq istiqamətindəki ən son yeniliklər haqqında ətraflı məlumat veriblər.