BAKI ALİ MƏKTƏBLƏRİNİN TƏLƏBƏLƏRİNƏ TÜRSAB-IN SERTİFİKATLARI TƏQDİM OLUNMUŞDUR
Gənclər, İdman və Turizm Nazirliyinin Baş Turizm İdarəsində Bakının bir sıra ali məktəblərinin tələbələrinə Türkiyə Turizm Agentlikləri Assosiasiyasının (TÜRSAB) sertifikatları təqdim olunmuşdur. Mərasimdə Baş İdarənin nümayəndəsi Elçin Qafarlı bildirmişdir ki, Bakı Dövlət Universitetinin turizm və mehmanxana təsərrüfatı fakültəsinin, Azərbaycan Beynəlxalq Universitetinin, Bədən Tərbiyəsi və İdman Akademiyasının, İdman Kollecinin tələbələri iyul-avqust aylarında Türkiyənin turizm komplekslərində təcrübə keçmiş və turizm biznesinin inkişafı sahəsində biliklərini zənginləşdirmişlər. Bu ilk təcrübə turizm sahəsində kadrlar hazırlanması barədə TÜRSAB ilə Gənclər, İdman və Turizm Nazirliyi arasında imzalanmış saziş sayəsində mümkün olmuşdur.
Tələbələr təcrübə keçdikləri dövrdə turizm sənayesinin, restoran işinin inkişaf etdiyi ölkələrdəki normalara uyğun xidmət göstərilməsi vərdişlərinə yiyələnmişlər. Tələbələrimiz Türkiyədə hər il belə təcrübə keçəcəklər.