MƏDƏNİYYƏT
Bakı Atatürk Mərkəzində “Qafqaziya: Zəfər, xəyanət və hüzn” kitabının təqdimatı olub
Bakı, 10 oktyabr, AZƏRTAC
Bakı Atatürk Mərkəzində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Azərbaycan Türk Ocağının birgə təşkilatçılığı ilə polkovnik Atilla Gülərin “Qafqaziya: Zəfər, xəyanət və hüzn” kitabının təqdimatı keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Türk Ocağının sədri, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı tədbiri açaraq, Qafqaz İslam Ordusunun azadlıq hərəkatına verdiyi hərbi dəstəyi Türkiyə-Azərbaycan qardaşlığının tarixi faktı adlandırıb.
Prezident yanın İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Türk Ocağının bərpaçılarından Firdovsiyyə Əhmədova Azərbaycan tarixşünaslığında Qafqaz İslam Ordusu mövzusunun aktuallığından, bu sahədə yazılan kitablardan bəhs edib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi tarix kafedrasının müdiri, tarix elmləri doktoru, dosent Sevinc Əliyeva kitab haqqında məlumat verib və gənclərin vətənpərvərlik tərbiyəsi üçün bu mövzunun əhəmiyyətini qeyd edib.
Eyni zamanda, tədbirdə kitabın müəllifi polkovnik Atilla Gülər dinləyicilərin suallarını cavablandırıb.
Azərbaycan Türk Ocağının sədri, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı kitabın mövzusu ətrafında müzakirə aparıb, həm 1918-ci ildə, həm də müasir dövrdə Türkiyənin Azərbaycan tarixi üçün oynadığı rolla paralellər edib.