BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Səhər səsli hərracların yekunlarına görə, 3 bankın iştirakı ilə bağlanmış əqdlərin həcmi 150 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılışında məzənnə 1 dollar üçün 4917 manata bərabər olmuşdur. Təklifin həcmi 200 min ABŞ dolları olduğu halda, tələbat 150 min dollar təşkil etmiş, sessiya bağlananda isə məzənnə 4915 manata düşmüşdür.
Birja elektron hərracları sistemində (BEST) ABŞ valyutasının qiyməti bank sifarişlərində göstərilən orta hesablanmış məzənnə həddində olmuşdur. USD/AZM T+0 aləti ilə BEST-də 2,015 milyon dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 9,905 milyard təşkil edir. Bir əqdə orta hesabla 251,8 min dollar düşmüşdür. Tələbat olmadığından, dilerlər T+1, T+2 alətləri üzrə əqd bağlamamışlar. Banklar BEST-də EUR/AZM, RUR/AZM üzrə sifarişlər verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası mütəşəkkil kredit bazarında Milli Bank illik 10 faizlə 1,1 milyard manat həcmində kreditlər yerləşdirmək üçün sifarişlər vermişdir. Avqustun 4-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.