İQTİSADİYYAT
Bakı Beynəlxalq Avtovağzal Kompleksi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqdır
Bakı, 26 dekabr (AZƏRTAC). 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi dekabrın 28-dən yanvarın 6-dək gücləndirilmiş iş rejimində çalışacaqdır.
Beynəlxalq Avtovağzal Kompleksindən AZƏRTAC-a bildirmişlər ki, bu, bayram günlərində ölkədə sərnişindaşımada intensivliyin artması ilə bağlıdır.
Adi günlərdə 5-6 min sərnişin daşınırdısa, bayram günlərində bu rəqəmin 12-15 minə çatacağı gözlənilir. Buna görə də əhalinin tələbatını ödəmək üçün marşrutlara buraxılacaq avtobusların sayı artırılacaqdır. Əgər adi günlərdə xəttə 300-340 avtobus buraxılırdısa, bayram günlərində onların sayı 600-640-a çatdırılacaqdır.
Bununla əlaqədar artıq ayrı-ayrı hüquqi və fiziki şəxslərlə danışıqlar aparılmış, avtobuslar sazlanaraq hazır vəziyyətə gətirilmiş, qiymət intizamına nəzarət komissiyası yaradılmışdır.