Bakı Dövlət Universitetinin tələbələri Zoologiya İnstitutunda istehsalat təcrübəsindədirlər
Bakı, 5 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsinin tələbələri Zoologiya İnstitutunun hidrobiologiya laboratoriyasında istehsalat təcrübəsi keçirlər.
Zoologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, laboratoriyanın müdiri, biologiya üzrə fəlsəfə doktoru Adil Əliyev tələbələrə rəhbərlik etdiyi şöbənin ümumi elmi istiqamətləri, su hövzələrinin tipləri, iqtisadi əhəmiyyətli hidrobiontlar və onlardan alınan məhsullar barədə məlumat verir. Dörd-beş tələbədən ibarət qruplarda davam edən məşğələləri laboratoriyanın aparıcı elmi işçiləri Mircəfər Seyidrzayev, Namiq Mustafayev, Süleyman Süleymanov, Nuriyyə Şamionova, Ənvər Cəlilov və Saleh Əliyev aparırlar.
Məşğələlərdə bakalavrlara mütəxəssislər tərəfindən orqanizmlərin hərəkət orqanları, tənəffüsü, qidalanması, balıqların yaşının təyin edilməsi və s. haqqında ətraflı məlumatlar verilir. Həmçinin balıq fərdləri üzərində elmi-praktik işlərin yerinə yetirilməsi prosesləri izah edilir. Çöl tədqiqatları işlərində balıqlara, zooplanktona, zoobentosa və bioloji örtük təbəqəsinə aid materialların toplanması işi əyani nümayiş olunur. Hər məşğələnin sonunda tələbələrin sualları cavablandırılır, fikir mübadiləsi aparılır.