İQTİSADİYYAT
Bakı Limanının nümayəndə heyəti İtaliyanın Triest və Sloveniyanın Koper limanlarında olub
Bakı, 1 aprel, AZƏRTAC
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nümayəndə heyəti İtaliyanın Triest və Sloveniyanın Koper limanlarında olub.
Limandan AZƏRTAC-a bildirilib ki, qurumun baş direktorunun müavini Məftun Abbasov, Satış və Marketinq Departamentinin müdiri Məmməd Həmidov və “Trans Caspian Stevedoring” şirkətinin müdiri Emin Maqsudov hər iki limanın yükaşırma, insan resursları, informasiya texnologiyaları və sair əməliyyat sistemləri ilə tanış olublar.
Nümayəndə heyəti liman əraziləri ilə əyani tanış olub, o cümlədən müxtəlif təyinatlı terminallarda gəmi əməliyyatları, yüklərin saxlanma yerləri, qeydiyyata alınması və sair prosesləri yerindəcə müşahidə etmək imkanı əldə ediblər.
Həmçinin səfər zamanı Bakı Limanının nümayəndələri İtaliyanın “DBA Group” şirkətinin rəhbərliyi ilə işgüzar görüş keçiriblər. Bu şirkət Ələt qəsəbəsində yerləşən Yeni Bakı Limanı üçün bütün liman əməliyyatlarının idarə edilməsi məqsədilə “Port-line” proqram təminatını yaradıb. “Port-line” proqramı Bakı Limanında tranzit yüklərin maneəsiz daşınmasının asanlaşdırılması məqsədilə prosesin tam avtomatlaşdırılmasını nəzərdə tutur.
Səfər çərçivəsində Bakı Limanının nümayəndələri Azərbaycanın igid oğlu, Sovet İttifaqı və Sloveniya qəhrəmanı Mehdi Hüseynzadənin məzarını və Maribor şəhərindəki abidəsini ziyarət ediblər.