İQTİSADİYYAT
“Bakı Metropoliteni” birinci Avropa Oyunlarına hazırdır
Bakı, 11 iyun, AZƏRTAC
Sabah başlayacaq “Bakı-2015” birinci Avropa Oyunlarına “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti tam hazırdır.
QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTA-a bildiriblər ki, bayram ovqatını bütün Azərbaycana yayan Məşəl dünən paytaxtdakı yolunu metropolitendə davam etdirib. Metropolitenin Oyunlara hazırlıq tədbirləri ötən ilin əvvəlindən başlanıb. Bu müddət ərzində stansiyalarda, piyada keçidlərində təmir işləri aparılıb, sərnişinlərə xidmət mədəniyyətinin yüksəldilməsi məqsədilə yeni sərnişin məlumat sistemləri tətbiq edilib, stansiyalarda yarışların keçirildiyi idman obyektləri, təhlükəsizlik tədbirləri barədə Azərbaycan və ingilis dillərində məlumatlar səsləndirilir, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün sərnişin axınının bütün istiqamətlərində və vaqonlarda videomüşahidə kameralarının funksionallığı genişlənib, bütün xidmət heyəti, xüsusən də sərnişinlərlə birbaşa təmasda olan işçilər uniformalarla təmin edilib, oyunların təşkilatçılarına dəstək olacaq könüllülərlə treninqlər keçirilib.
Mühafizə şöbəsinin işçiləri Fövqəladə Hallar Nazirliyi əməkdaşları ilə təlim-məşqlərdə xüsusi hazırlıq keçiblər. Stansiyaların sanitariya vəziyyətinə, xidməti heyətin zahiri görkəminə, xidmət mədəniyyətinin yüksəldilməsinə, metrodan istifadə qaydalarına ciddi əməl olunmasına nəzarət qat-qat artırılıb. Artıq bu gündən 17 qatarda stansiyaların adları həm də ingilis dilində səsləndirilir. Sabah isə xətdə olan bütün qatarlar sərnişinlərə bu məlumatları həm Azərbaycan, həm də İngilis dilində təqdim edəcək.