Bakı Mühəndislik Universitetinin komandası Hindistanda təlimlərdə iştirak edir
Xırdalan, 29 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Hindistanın Amritapuri vilayətində martın 22-dən 30-dək Amrita Mühəndislik Məktəbinin bazasında “Hello India x Russia Programming Bootcamp ACM-ICPC 2018” beynəlxalq proqramlaşdırma təlimləri keçirilir. Harbour Space Universiteti, Amrita Mühəndislik Məktəbi, Rusiyanın “Codeforces” saytı və “Moscow Workshops ACM-ICPC” seminarlarının birgə təşkilatçılığı ilə reallaşan təlimlərdə Bakı Mühəndislik Universitetinin (BMU) komandası da iştirak edir.
BMU-dan AZƏRTAC-a bildirilib ki, ACM-ICPC Beynəlxalq Proqramlaşdırma müsabiqələrinə hazırlıq məqsədi daşıyan təlimlər Rusiyanın bu sahədə tanınmış mütəxəssisləri tərəfindən keçirilir. Səkkiz ölkədən - Azərbaycan, Hindistan, Oman, Litva, Rusiya, Sinqapur, İordaniya və Yaponiyadən gəlmiş 28 ali təhsil müəssisəsindən müxtəlif komandaların iştirak etdiyi təlimlər dünyada getdikcə geniş nüfuz qazanır.
Müasir dövrün tələblərinə cavab verən bilik və bacarıqların inkişaf etdirilməsində mühüm rol oynayan “Hello India x Russia Programming Bootcamp ACM-ICPC 2018” beynəlxalq proqramlaşdırma təlimlərində Azərbaycan yalnız Bakı Mühəndislik Universitetinin (BMU) komandası ilə təmsil olunub. BMU-nun kompüter və informasiya texnologiyaları kafedrasının baş müəllimi Etibar Seyidzadənin rəhbərliyi ilə universitetin tələbələri Rəşad Məmmədov, Mahmud Allahverdiyev, Rəsul Kərimovdan ibarət “BEU Programmers” komandası təlimlərdə iştirak edir. Qeyd edək ki, “BEU Programmers” komandası BMU-nun Texnoparkında fəaliyyət göstərən fəal layihələrdən biridir.