SİYASƏT
BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİNİN MƏLUMATI
Xəbər verildiyi kimi, özlərini Birləşmiş Müxalifət Hərəkatı adlandıran quruma daxli olan partiyalar mayın 26-da Azadlıq meydanında mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişlər.
Paytaxtın icra hakimiyyəti müraciətə baxaraq, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri və ictimai təhlükəsizlik baxımından mitinq keçirmək üçün daha münasib olan üç yer - Binəqədi rayonunda idman texniki-təlim kompleksindəki, Yasamal rayonunda Dövlət Film Fondunun (keçmiş “Qələbə” kinoteatrının) və Xətai rayonunda “Azad fəhlə” heykəlinin qarşısındakı meydanlar təklif olunmuşdur. Eyni zamanda, aksiya təşkilatçıları razılaşdırılmamış yerlərdə qanunsuz mitinq və ya digər kütləvi tədbirlərin keçirilməsinin yolverilməzliyi və hüquqazidd hərəkətlərin nəticələrinə görə məsuliyyət daşıyacaqları barədə rəsmi xəbərdar edilmişlər.
Bununla belə, mitinqi məhz öz istədikləri yerdə keçirmək niyyətində olan aksiya təşkilatçıları dövlətin qanunlarına və digər vətəndaşların hüquqlarına hörmətsizlik göstərərək, qarşıdurma yaratmaq məqsədi ilə qəsdən ictimai asayişi pozmağa çalışmışlar.
Mayın 26-da saat 15.00-dan başlayaraq, həmin quruma daxil olan partiyaların ümumi sayı təxminən 200 nəfərdən ibarət olan üzvü və təəssübkeşi ayrı-ayrı qruplarla bir neçə istiqamətdən şəhərin mərkəzi hissəsində qanunsuz toplaşmağa cəhdlər etmişlər. İctimai asayişi mühafizə edən polis əməkdaşları hüquqazidd hərəkətlərə son qoyulmasını tələb etsələr də, qanunsuz aksiyanın iştirakçıları polisin tələblərinə məhəl qoymamış, onlara zor tətbiq etməklə müqavimət göstərmişlər. Xidməti vəzifələrini yerinə yetirən beş nəfər asayiş keşikçisi müxtəlif dərəcəli bədən xəsarəti almışdır.
Daxili işlər orqanları əməkdaşlarının qətiyyətli və çevik tədbirləri nəticəsində bu qanunsuz aksiyanın qarşısı alınmışdır.
İctimai asayişi və qanunvericiliyin tələblərini kobud şəkildə pozduqlarına görə 23 nəfər saxlanılmışdır. Araşdırmalar aparılır.