ELM VƏ TƏHSİL
Bakı şəhər məktəbliləri arasında fənn olimpiadasının ikinci mərhələsi keçirilmişdir
Bakı, 9 yanvar (AZƏRTAC). Yanvarın 8-də Bakı şəhər məktəbliləri arasında fənn olimpiadasının ikinci mərhələsi keçirilmişdir.
Bakı şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirmişlər ki, olimpiadanın bu mərhələsində IX-XI sinif şagirdləri Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə biliyini sınamışlar.
Ümumilikdə bu turda 1040-dan çox şagird iştirak etmişdir. Onlardan 900 nəfəri BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin, qalanları isə paytaxtdakı digər məktəblərin şagirdləridir.
Bilik yarışının bu mərhələsində uğur qazanan iştirakçıların siyahısı yanvarın 25-dək müəyyənləşdirilərək Təhsil Nazirliyinə təqdim ediləcəkdir.
Həmin şagirdlər martda keçiriləcək respublika fənn olimpiadasında iştirak etmək hüququ qazanacaqlar.
Respublika fənn olimpiadasında qalib adı qazanan XI sinif şagirdləri orta məktəblərdə keçiriləcək mərkəzləşdirilmiş test imtahanlarından azad olunacaqlar.