CƏMİYYƏT
Bakı və Moskva arasında “Rusiya-Azərbaycan: münasibətlərin 20 ili” mövzusunda videokörpü yaradılmışdır
Bakı, 28 sentyabr (AZƏRTAC). Sentyabrın 28-də “Novosti” Beynəlxalq Mətbuat Mərkəzində Bakı və Moskva arasında “Rusiya-Azərbaycan: münasibətlərin 20 ili” mövzusunda videokörpü yaradılmışdır.
AZƏRTAC xəbər verir ki, tədbir sentyabrın 30-da qeyd edilən Rusiya ilə Azərbaycan arasında azad ticarət zonasının yaradılması haqqında Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuşdur.
Videokörpüdə Rusiya Siyasi Konyunktur Mərkəzinin, Xəzər Əməkdaşlığı İnstitutunun baş direktoru Sergey Mixeyev, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin İnformasiya-Təhlil Mərkəzinin baş direktorunun müavini, tarix fakültəsinin dosenti İsmayıl Ağakişiyev, MDU-nun İnformasiya-Təhlil Mərkəzinin baş direktorunun müavini Aleksandr Karavayev, habelə “New Baku Post” qəzetinin baş redaktoru Tofiq Abbasov, politoloq Rasim Ağayev, politoloq İlqar Vəlizadə iştirak etmişlər.
Videokörpüdə ikitərəfli münasibətlər tarixinin mühüm məqamları, iqtisadi əməkdaşlığın, qarşılıqlı siyasi fəaliyyətin perspektivləri, vətəndaş cəmiyyəti səviyyəsində dialoqun inkişaf etdirilməsi məsələləri, mədəni əlaqələr müzakirə edilmişdir.