İQTİSADİYYAT
Bakıda Azərbaycan ilə Moldova arasında fərdi uçot, sosial sığorta və digər istiqamətlərdə əməkdaşlığın perspektivləri müzakirə edilmişdir
Bakı, 18 sentyabr (AZƏRTAC). Sentyabrın 18-də Azərbaycanda səfərdə olan Moldova Respublikasının Sosial Sığorta Milli Kassasının nümayəndə heyəti Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov ilə görüşmüşdür.
DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, görüşdə S.Müslümov hazırda Azərbaycanın pensiya təminatı sahəsində əməkdaşlıq haqqında ayrı-ayrı dövlətlərlə imzalanmış 10 sazişin tətbiqini uğurla davam etdirdiyini bildirmişdir. O diqqətə çatdırmışdır ki, bunlardan biri də Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Sazişdir.
İki ölkənin müvafiq qurumları arasında fərdi uçot, sosial sığorta və digər istiqamətlərdə əməkdaşlığın perspektivlərinə toxunan S.Müslümov ötən il DSMF və Moldovanın Milli Sosial Sığorta Kassası arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında protokolun imzalandığını xatırlatmışdır.
Görüşdə Azərbaycanda və Moldovada aparılan pensiya islahatları haqqında məlumat mübadiləsinin, tərəflərin səlahiyyətlərinə aid olan məsələlər üzrə təcrübənin bölüşməsinə şərait yaradacaq birgə tədbirlərin keçirilməsi istiqamətində müzakirələr aparılmışdır.
Bundan başqa, tədbirdə məcburi dövlət sosial sığorta məsələləri üzrə nümayəndə heyətləri, mütəxəssislərin mübadiləsi və digər bu kimi sahələrdə yaxından əməkdaşlığın davam etdirilməsi üçün gələcək fəaliyyət planı nəzərdən keçirilmişdir.