Bakıda “Azərpoçt”un daha 2 poçt şöbəsi yenidənqurmadan sonra istifadəyə verilib
Bakı, 6 fevral, AZƏRTAC
“Azərpoçt” MMC tərəfindən Bakıda tam müasir standartlara uyğun yenidən qurulmuş 2 poçt şöbəsi istifadəyə verilib.
MMC-dən AZƏRTAC-a bildirilib ki, paytaxtın İstiqlaliyyət küçəsi 53 və Səməd Vurğun küçəsi 145 ünvanlarında yerləşən 1 və 22 saylı poçt şöbələri “Azərpoçt”un yeni brendinə uyğun dizayn edilib. Burada vətəndaşlara yüksək xidmət göstərmək üçün bütün şərait yaradılıb.
Yenidənqurmadan sonra sözügedən poçt şöbələrində vətəndaşlar növbə aparatından istifadə edəcək, öz poçt göndərişlərini rahatlıqla yollayıb və qəbul edəcək. Eyni zamanda, poçt şöbələrində depozit və kredit istisna olmaqla, bütün maliyyə xidmətlərindən də yararlanmaq, “SmartPay” ödəniş sistemi vasitəsilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə də ödəniş etmək mümkündür. 22 saylı poçt şöbəsində həftənin bütün günləri 24 saat ərzində valyuta mübadiləsi əməliyyatlarını həyata keçirmək imkanı yaradılıb.
Poçt filial və şöbələrinin modernləşdirilməsində əsas məqsəd vətəndaşlara yüksək standartlara uyğun xidmət göstərilməsi, onların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması və şəffaflığın artırılmasıdır.