Bakıda civə satmaq istəyən şəxs saxlanılıb, ondan əlavə olaraq tapança da aşkarlanıb VİDEO
Bakı, 9 aprel, AZƏRTAC
Hüquq mühafizə orqanları əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində insan sağlamlığına mənfi təsir göstərən zərərli kimyəvi maddə hesab edilən civə satmaq istəyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis Şöbəsinə (PŞ) Qalib adlı şəxsin rayon ərazisində civə satmaq istəməsi barədə məlumat daxil olub. Dövlət Təhlükəsizliyi Xidmətinin yerli idarəsi və Nizami RPİ-nin 25-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat nəticəsində həmin şəxs - Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Qalib İbadov saxlanılıb. Polis Şöbəsində üzərində axtarış keçirilən zaman 585 qram civə, bir ədəd kustar üsulla hazırlanan tapança və 6 ədəd patron aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində civəni satmaq niyyəti ilə əldə etdiyini və bu məqsədlə Masallı rayonundan Bakıya gətirdiyini etiraf edib.
Qeyd edilən faktla bağlı 25-ci Polis Şöbəsində toplanan material araşdırılması üçün Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Zəruri əməliyyat və istintaq tədbirləri davam etdirilir.