CƏMİYYƏT
Bakıda əhalinin sağlamlığının qorunması sahəsində yeni normativ-tənzimləyici təşəbbüslər müzakirə edilmişdir
Bakı, 28 sentyabr (AZƏRTAC). Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Əhalinin sağlamlığının qorunması sahəsində yeni normativ-tənzimləyici təşəbbüslər: beynəlxalq təcrübə” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
İSİM-dən AZƏRTAC-a bildirmişlər ki, toplantıda Səhiyyə Nazirliyinin aparıcı mütəxəssisləri, Dünya Səhiyyə Təşkilatının (DST), BMT-nin Uşaq Fondunun (UNİCEF), ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) və digər təşkilatların nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov 2011-ci ildə Azərbaycanda ilk dəfə qeyri-yoluxucu xroniki xəstəliklərin risk amilləri üzrə keçirilmiş milli tədqiqat barədə məlumat vermişdir.
İSİM-in səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Töhfə Cəmilova “Azərbaycanda qeyri-yoluxucu xəstəliklərin risk faktorlarının yayılması” mövzusunda təqdimatla çıxış etmişdir. Məruzəçi qeyri-yoluxucu xəstəliklərin risk faktorlarının araşdırılması, metodologiyası və təşkilində, bu xəstəliklərlə mübarizədə DST-nin fəaliyyətindən söhbət açmışdır.
Tədbirdə, həmçinin Azərbaycanda gənclər arasında tütündən istifadə ilə bağlı aparılmış tədqiqat haqqında məlumat verilmiş, eləcə də əhalinin sağlamlığının qorunması sahəsində beynəlxalq təcrübədən nümunələr iştirakçıların diqqətinə çatdırılmışdır.
Sonra fikir mübadiləsi aparılmışdır.